Yerli və beynəlxalq qanunvericiliyə əsasən, qonorar dedikdə, istifadəçilərdən yazılmış musiqili əsərlərdən istifadə etdikləri üçün yığılmış qonorarların müvafiq ifaçılara və hüquq sahiblərinə bölüşdürülən ödənişlər başa düşülür. RAYS Azərbaycan Respublikasında ifaçıların və hüquq sahiblərinin maraqlarını təmsil etmək, onların adından qonorları yığmaq və onlara bölüşdürmək hüququna malik olan yeganə təşkilatdır.
Qonorarların yığılması
Xüsusi maliyyə ili ərzində fonoqramlardan/yazılmış musiqili əsərlərdən istifadəyə görə RAYS yığılmış qonorarları inzibati və əməliyyat xərclərini çıxmaqla, müvafiq ifaçılara və hüququ sahiblərinə bölüşdürür. RAYS tərəfindən əmlak hüquqlarını kollektiv əsasda idarə edən xarici təşkilatlar ilə beynəlxalq müqavilələr əsasında əldə edilən qonorarların hesablanması prosesi birbaşa qeyd olunan xarici təşkilatlar tərəfindən həyata keçirilir. Bunun nəticəsində yerli hüquq sahiblərinə bölüşdürüləcək son qonorar məbləği xarici təşkilatlar tərəfindən RAYS-a təqdim olunur.
Qonorarın bölüşdürülməsi
Televiziya, radio, biznes nümayəndələri və digər istifadəçilər RAYS-a istifadə etdikləri və ya ifa etdikləri yazılmış musiqili əsərlər haqqında hesabat və məlumat təqdim edirlər. Hüquq sahiblərinə dəqiq və ədalətli qonorarı bölüşdürmək üçün RAYS qabaqcıl IT texnologiyasına sərmayələr qoyur və istifadəçilərin hesabatlarında göstərilən bütün məlumatların yoxlanılmasını təmin edən beynəlxalq bazarın ən önəmli iştirakçıları ilə əməkdaşlıq edir.
Təcrübədə biz radioda səslənən, televiziyada yayımlanan və biznes sektoru tərəfindən istifadə olunan bütün musiqili əsərlərə nəzarət edən xüsusi IT sisteminin yoxlama vasitəsi ilə əldə etdiyimiz nəticələri istifadəçilərin təqdim etdiyi məlumatlarla müqayisə edərək yoxlayırıq.
Qonorarın hesablama və hüquq sahiblərinə bölüşdürülmə prosesi yalnız ikiqat yoxlama sistemimizi yekunlaşdırdıqdan və yazılmış musiqili əsərlərin ictimai yerlərdə kütləvi ifasının və ya yayımının istifadə sayını hesabladıqdan sonra həyata keçirilir.